"Muğam ifaçısı olmaq böyük məsuliyyətdir..."
"Təhsilsiz sənət olmaz. Bu, yarı yolda qalır. Muğam müsabiqəsində seçilən gənclər də konservatoriyaya gəlir və təhsil alırlar".
Bu sözləri Xalq artisti Mənsum İbrahimov deyib.
Xanəndə muğam ifaçılarından danışıb: "Muğam ifaçısı olmaq böyük məsuliyyətdir. Burada söhbət milli mənəvi zənginlikdən gedir. Milli dəyərlərə olan qiymətdən gedir. Muğam ifaçılarının hərəkətinə, geyiminə, səhnə davranışına baxın. Hamısının yüksək səviyyədə mədəniyyətləri var. Çünki burada yazılmamış qanunlar var. Mənəvi yükü ağırdır. Muğamı yaşadırıq. Mənəviyyat itən yerdə xaus yaranar və ölkə məhv olar. İnsan üçün müqəddəs şeylər var: ana, vətən, bayraq. Mənəvi yük, fədakarlar bunu edə bilər. Deyirdilər, indiki gənclər nə bilir vətən nədir. Amma həmin gənclər getdi Qarabağı azad etdilər".
M.İbrahimov qalmaqallarla bağlı suallara belə cavab verib: "İnsanların işi boş-boş dedi-qodudur. Mən intriqalara gülüb keçirəm. Meycandasansa kiməsə rəqibsən, təbiidir. Tələbələrimə deyirəm ki, sizi haqsız tənqid edənə belə cavabınız gülmək olsun. Oxuyun keçin".