“Bu operanı bütün dünya tanımalıdır” – “Koroğlu” monoqrafiyası Azərbaycan dilində təqdim olundu – foto

Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda tanınmış musiqişünas, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarovanın 75 illiyi münasibətilə “Koroğlu” monoqrafiyasının Azərbaycan dilində təqdimatı keçirilib.
Muztv.az xəbər verir ki, monoqrafiya Ü.Hacıbəylinin “Koroğlu” operasının 80 illiyinə həsr olunub.
Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək Zemfira Qafarovanın həyat və fəaliyyəti haqqında danışıb, ürək sözlərini çatdırıb:
“Vaxtı ilə çoxumuz Konservatoriyada Zemfira xanımın tələbəsi olmuşuq. O, həmişə yüksək səviyyədə, peşəkar bir pedaqoq kimi xidmət edib. Onun kitabında geniş kulturoloji panarama görürük. Zemfira Qafarovanın müxtəlif sahələrdə enerjili fəaliyyəti var. Tək Bəstəkarlar İttifaqı deyil, müxtəlif qurumlar onu öz işinə cəlb edir. Zemfira xanımın həyatı da dolğundur. Bu fəaliyyət də Azərbaycan musiqisinin təbliğində də geniş rol oynayır. Həmişə belə fəal musiqişünas olaraq qalın. Əməyiniz danılmazdır. Sizi ürəkdən təbrik edirəm”.
MUZ TV Azərbaycan kanalına özəl olaraq danışan professor Zemfira Qafarova “Koroğlu” operasını dünya səviyyəli bir əsər adlandırıb:
“Çox şadam ki, bu gün mənim yubiley günümdə Azərbaycan musiqisinin şah əsəri olan Üzeyir Hacıbəylinin gözəl əsəri “Koroğlu” monoqrafiyasının təqdimatıdır. “Koroğlu” Azərbaycan dilində çap olunub. Əslində bu əsəri bir neçə il öncə rus dilində yazmışdım. Ümumiyyətlə, Üzeyir Hacıbəyov mövzusu hər zaman mənim elmi dəyərim olub. Bu mövzuda çoxsaylı məqalələrim var, kitabım çıxıb, metodik işlərə imza atmışam. Bilirsiniz ki, bu il “Koroğlu” operasının 80 illiyi qeyd olunur. Bu opera 1937-ci il, 30 aprel tarixində yaranıb. Daha sonra bu əsər 1938-ci ildə Moskvada böyük uğurla təqdim olunub. İran və başqa ölkələrdə təqdim olunub. Sevinirik ki, bu əsər bu il türkdilli ölkələrin teatr səhnələrində də tamaşaya qoyulur. “Koroğlu”ya maraq hər zaman var, bu maraq sönmür. Çünki şedevrdir. Düşünürəm ki, bu operanı bütün dünya tanımalıdır. Bu, Azərbaycan musiqisinin şah əsəridir. Hətta dünya musiqisi tarixində də özünə yer tutub”.
Tədbirdə çıxış edənlər bildirib ki, yubilyar pedaqoji fəaliyyətlə yanaşı, elmi fəaliyyətini də genişləndirir. Musiqişünas Zemfira Qafarovanın istedadlı qələmi bir sıra bəstəkarlarımızın həyat yaradıcılıqlarını, əsərlərinin üslub xüsusiyyətlərini işıqlandırmışdır. Onun Ramiz Mustafayevə, Tofiq Bakıxanova, Hacı Xanməmmədova, Şəfiqə Axundovaya həsr etdiyi monoqrafiyaları, Ü.Hacıbəyovun "Koroğlu" operası üzrə tədqiqat işi və sonradan onun əsasında hazırlanan "Koroğlu" dərs vəsaiti, bir sıra məruzə çıxışları və məqalələri peşəkar musiqiçilərin və musiqisevərlərin nəzər diqqətində olub.
Zemfira xanımın yubiley gecəsinə qatılan Əməkdar Artist, bəstəkar-müğənni Elza Seyidcahan belə bir tədbiri təqdirəlayiq hesab edib:
“Azərbaycan musiqi tarixində adı qızıl hərflərlə yazılan simalara var ki, onlardan biri də Zemfira Qafarovadır. O, bizim dəyərli musiqiçimiz, ziyalımızdır. Zemfira xanımın dayısı Ramiz Mustafayev, qardaşı isə “Dədə Qorqud” filmindən “Yalıncıq” rolunu ifa edən aktyordur. Zemfira xanımın dəyərli mühazirələri, söhbətləri, elmi işləri var. Biz fəxr edirik ki, bu gün də Zemfira xanım Bəstəkarlar İttifaqının katibliyindədir. Hər zaman Bəstəkarlar İttifaqında dəyərli sənətkarlarımımızın ildönümü qeyd olunur. Maraqlı görüşlər keçirilir. Gül çiçəkləri ilə sevinə-sevinə gəlmişəm. Tələsirəm ki, onu təbrik edim, öpüm-bağrıma basım”.
Xalq Artisti Firəngiz Əlizadə günün səbəbkarı Zemfira Qafarovaya Bəstəkarlar İttifaqının mükafatını təqdim edib.
Bundan əlavə, yubilyar Avropa Nəşrlər Evinin ”Ən yaxşı musiqişünas və tətqiqatçı alim qızıl medalı” mükafatı ilə də təltif olunub.
Tədbir konsert proqramı ilə davam edib.
Xatırladaq ki, Zemfira Qafarova 7 monoqrafiya, 100-lərlə məqalənin müəllifidir.
Bununla bağlı süjetə noyabrın 21-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
Lamiyə Balacayeva





















Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
