İrəvan teatrı ötən ili uğurla başa vurub

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı heyəti üçün ötən il məhsuldar, unudulmaz səfərlər və premyeralarla yadda qalıb.
Mtv.az xəbər verir ki, bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.
Onun sözlərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına töhfə vermək məqsəd ilə teatrın kollektivi fevralın 2-də yazıçı-dramaturq Sabir Şahtaxtının Xocalı soyqırımı faciəsinə həsr olunmuş “Ölüm həsrəti” tamaşası ilə Gəncə şəhərində qastrol səfərində olub. Tamaşanın bədii rəhbəri Əməkdar artist Sərvər Əliyev, quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.
Martın 29-da İrəvan Teatrı Ə.Məmmədov adına 76 nömrəli tam orta məktəbdə şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” əsəri ilə çıxış edib. Müəllif əsərdə ermənilərin qondarma türk genosidi məsələsinə tarixi faktlara əsaslanaraq tutarlı və dolğun cavab verməyə çalışıb. Tamaşanın quruluşçu rejissor, tərtibatçı rəssam və xoreoqrafı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, bəstəkarı Muxtar Abseynov, rejissor assistenti Bəhruz Hikmətoğlu, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.
Mədəniyyət Nazirliyinin təşəbbüsü, regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə teatrın kollektivi iyulun 3, 12, 16-da Gəncə, Şəki və Sabirabadda yazıçı Sevinc Elsevərin “Ürəyində arzu tut” tamaşası ilə qastrol səfərində olub.
Tamaşada Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu, eyni zamanda xalqımızın müharibədə keçdiyi əzab-əziyyətli, məşəqqətli yol, müharibənin acı nəticələri əks olunub.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Sərvər Əliyev, rejissor köməkçisi Bəhruz Hikmətoğlu, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.
Kənd sakinlərinə və kənd yaxınlığında olan hərbi hissələrdəki zabit və əsgər heyətinə mədəni xidmət göstərmək və vətənpərvərlik ruhunu qaldırmaq məqsədilə İrəvan Teatrı iyulun 27-də şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” əsəri ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 137-ci mövsümü qastrol səfəri ilə uğurla başa vurub.
Bildirib ki, İrəvan Teatrı 138-ci mövsümü sentyabrın 15-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” tamaşası ilə açıb.
Noyabrın 4-də teatrın kollektivi Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində şair-dramaturq İmir Məmmədlinin “Oğru və Doğru” pyesi əsasında hazırlanan tamaşanın premyerasını uğurla təqdim edib.
Tamaşanın bədii rəhbəri Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, quruluşçu rejissoru Nicat Mirzəzadə, rejissor assistenti Bəhruz Hikmətoğlu, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.
Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar teatrın kollektivi dekabrın 9-da şair-dramaturq İftixarın “Haqq mənəm” pyesi əsasında hazırlanan yeni tamaşanın, ikihissəli tarixi elegiyanın premyerasını təqdim edib. S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunan tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.
Səhnə əsərinin quruluşçu rejissoru və xoreoqrafı, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.
Mədəniyyət Nazirliyinin “Nəsimi ili” ilə əlaqədar həyata keçirdiyi tədbirlər planı çərçivəsində bölgələrdə yerli icra hakimiyyəti orqanları ilə birgə İrəvan Teatrı şair-dramaturq İftixarın “Haqq mənəm” tamaşası ilə Balakən və İmişli rayonlarında qastrol səfərində olub.
Qeyd edilib ki, bu il də teatrın kollektivi bir neçə səhnə əsəri ilə tamaşaçıları sevindirəcək.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
