"Ağdamda eyni halı yenidən yaşayacağam" - müğənni

"Sumqayıtda atamın kinoteatrı var idi. Klub direktoruydu. Hündür tavanlar, nəhəng dəhliz, pilləkənlər, bir otaq boyda çılçıraqlar, kino zalı... Atamla kluba getmək ən gözəl əyləncəm idi... 1990-ların əvvəlində kluba köçkünlər məskunlaşdı, atam da təqaüdə çıxdı, o nağıl bitdi".
Mtv.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif tvitter hesabında yazıb.
Sənətçi düşməndən azad olunan Ağdamla bağlı xatirələrini bölüşüb: "Üstündən 30 ilə yaxın vaxt keçib. Atam rəhmətə gedəndən sonra maşınımı o məhəlləyə, kinoteatrın həyətinə sürdüm. Bəlkə hansısa xatirəm oyanar, o günlərə qayıdaram. Olmadı... O memarlıqdan, o əzəmətli binadan heç nə qalmayıb. İçərisi otaqlara bölünüb, pəncərələr hörülüb...
Uşaqlığımın sarayı, tamaşaçılarla var-gəl edən mədəniyyət ocağı, daxmaya dönmüşdü. Adam o məqamda anlamasa da, nədənsə inciyir. Sanki məkan, həmin yer səndən üz döndərib...
İndi Ağdamda da eyni halı yenidən yaşayacağam. Eyni görüş həyəcanı, eyni viranəlik, eyni tale...".
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
